Xəbərlər
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin Lənkərana və Astaraya səfəri təşkil olunub
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin noyabrın 27-28-də Lənkəran şəhərinə və Astara rayonuna səfəri təşkil olunub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev xatirə parkı, Lənkəran Olimpiya İdman Kompleksi, Azərxalça ASC, Yaşılçay MMC, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, habelə Astara şəhərində Astara Çay MMC və bu bölgədə fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzləri ilə tanış olacaqlar. Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da təqdimatlar təşkil olunacaq.