YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın milli bayramı - İmperatorun ad günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Noyabrın 22-də Yaponiyanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Teruyuki Katori bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur. Bu il İmperator Akihitonun 85 yaşı tamam olacaq. Əlahəzrət İmperator hər zaman xalqının rifahı naminə çalışıb. 2019-cu ilin aprelində o, taxt-tacdan imtina edəcək.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan səfir ötən dövr ərzində ölkələrimizin münasibətlərinin davamlı şəkildə inkişaf etdiyini söyləyib. O, Yaponiyanın xarici işlər naziri Taro Kanonun Azərbaycana səfərini, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə dair aparılan səmərəli müzakirələri xatırladıb. Vurğulayıb ki, Yaponiya hökuməti Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşib.

Azərbaycan hökuməti adından Yaponiya xalqını milli bayram münasibətilə təbrik edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır. Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır. Ölkələrimiz arasında siyasi etimad mövcuddur. Yaponiya beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir.

Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlıq edən nazir ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək. Azərbaycan Yaponiya ilə iqtisadi, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində əməkdaşlıqda maraqlıdır. Bundan başqa, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xalqlarımızın yaxınlaşmasına xidmət edir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, KİV təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.