Xəbərlər
Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
-Hörmətli İlham Heydər oğlu.
İcazə verin, bizim dəvətimizi qəbul etdiyinizə və qardaş qonşu ölkəyə - qonaqpərvər Türkmənistana rəsmi səfərə gəldiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim. Sizin nümayəndə heyətinin üzvlərinə təşəkkür edirik.
Bildiyiniz kimi, Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Yəni, biz həmişə, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir. Biz bunu siyasi arenada, iqtisadi məsələlərimizdə, bir sıra başqa sahələrdə görürük. Bu baxımdan bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik. Buna görə biz əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik göstərir, bu dəyərlərin böyüməkdə olan nəslə ötürülməsi işinə incəsənət xadimlərini, yaradıcı ziyalıları cəlb edirik.
Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə, ona görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Bu gün Sizi burada görməyə bir daha şadıq. Xoş gəlmisiniz.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Sağ olun, hörmətli cənab Prezident.
Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim. Dünən Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi, şəxsən Sizin qonaqpərvərliyiniz sayəsindədir.
Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın bütün qardaş xalqını inkişafda qazandığınız böyük nailiyyətlərə, Türkmənistanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini qoruyub saxlamağınıza və bunları yeni nəsillərə ötürməyinizə görə təbrik etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir. Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək.
Mən Sizinlə razıyam ki, ölkələrimiz regional əməkdaşlıq, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də mühüm rol oynayır. Sabitliyin, inkişafın yüksək səviyyəsi bizim ölkələri fərqləndirir. Siz çox düzgün qeyd etdiniz ki, ölkələrimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində dəyişiklikləri fəal həyata keçirirlər. Biz əksər göstəricilər üzrə nəzərdə tutulanları nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik. Türkmənistana gələn, Sizin ölkənizin necə inkişaf etdiyini, vətəndaşlar üçün necə şərait yaradıldığını, iqtisadiyyatın, sənaye potensialının necə artdığını görən hər kəs bunu yəqin edir.
Azərbaycanda biz Sizin uğurlarınıza sevinirik. Biz əminik ki, qardaş Türkmənistan xalqı Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi yolu ilə irəliləyəcək. Əlbəttə, belə yaxşı imkanlardan istifadə etməklə əməkdaşlığı möhkəmlətmək lazımdır. Biz məhz bununla məşğuluq və əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq. İqtisadi sahədə qarşılıqlı fəaliyyət, nəqliyyat sahəsində əməkdaşlıq, sənaye kooperasiyası – müzakirə üçün mövzu çoxdur. Əminəm ki, biz qarşıya qoyulmuş hədəflərə nail olacağıq. Səmimi qəbula və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm.