Xəbərlər
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
“Müasir dünyanın reallıqları fonunda humanitar məsələlərlə bağlı müzakirələr aparılması, bu sahədə qazanılan uğurların dəyərləndirilməsi və problemlərin həlli yollarının araşdırılması mühüm çağırışlardan birinə çevrilib. Bu baxımdan, Azərbaycanın öz imkanlarını təqdim edərək ölkələr və xalqlar arasında humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək səyləri təqdirəlayiqdir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, qlobal miqyasda humanitar-mədəni əməkdaşlığın əhatə dairəsinin genişlənməsi öz növbəsində dövlətlər arasında qarşılıqlı inamın yaranmasına, sabitliyə, müxtəlif sivilizasiyalara qarşı yönələn təhdidlərin aradan qaldırılmasına, ölkələrin öz potensialını qarşıdurmalara deyil, sosial-iqtisadi inkişafa yönəltmələrinə, həmçinin cəmiyyətlərin mühafizəkar meyillərdən uzaqlaşmasına, demokratik dəyərlərin həyat norması kimi qəbul edilməsinə öz müsbət təsirini göstərir.
“İndiyədək ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib ki, bu da Azərbaycanın niyyətini, həyata keçirdiyi siyasətin mahiyyətini bütün dünyaya nümayiş etdirir. Bu yaxınlarda respublikamızın paytaxtı humanitar əməkdaşlıq sahəsində qlobal platformaya çevrilən daha bir mühüm tədbirə - VI Bakı Beynəlxalq Humanitar Forumuna böyük uğurla ev sahibliyi edib. VI Bakı Beynəlxalq Humanitar Forumu bir sıra önəmli cəhətləri ilə yanaşı, ölkəmizin müstəqillik illərində dövlət quruculuğu, cəmiyyətin demokratikləşməsi, sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlətin təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Bütövlükdə, ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir. Bununla yanaşı, Azərbaycan dövləti zəngin milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirir”-deyə, deputat qeyd edib.