Xəbərlər
Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş İstanbulda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü çərçivəsində baş tutub
Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq kimi beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini vurğulayıblar.
Nazirlər bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini qeyd ediblər. Həmçinin limanların imkanlarndan tam şəkildə istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları barəsində müzakirələr aparılıb.