Xəbərlər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.
Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.
Böyük Britaniya hökumətinin Lordlar Palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Emma Nikolson ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan Lordlar Palatasının üzvü ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığının səviyyəsindən razı olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Londona son səfərini xüsusi qeyd edən xanım Nikolson bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.