Xəbərlər
Bakıda görkəmli şərqşünas alimin yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans işə başlayıb.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrdən nümayəndələr iştirak edirlər.
Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb.
Bildirilib ki, Aida İmanquliyeva XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olub, bütün ömrünü bu sahəyə həsr edib və çox böyük uğurlar qazanıb. O, Azərbaycanda şərqşünaslıq üzrə ilk elmlər doktoru, professordur. Görkəmli alim həm keçmiş sovet, həm də dünya məkanında ilk dəfə məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazıb. Onun elmi irsini yaşatmaq və yeni nəsillərə ötürmək bizim borcumuzdur.
Digər çıxış edənlər də böyük alimin keçdiyi mənalı ömür yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar.