Xəbərlər
Qaradağ rayonundakı 6 nömrəli somatik sanatoriyada müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında olub.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Fond yarandığı ilk gündən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, 50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reabilitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər.
Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət etdi. Bildirildi ki, hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.