YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycan Ordusunun tarixi Zəfəri

Azər Badamov

Milli Məclisin deputatı

27 Sentyabr — Anım Günü xalqımızın 200 ildən sonra yazmağa başladığı 44 günlük Qəhrəmanlıq kitabının ilk səhifəsinin açıldığı, xalqımızın Dəmir yumruq kimi birləşərək düşmənə qarşı mübarizəyə qoşulduğu tarixdir. 27 Sentyabr həm də xalqımıza qarşı tarix boyu törədilmiş işğallara, soyqırımlara, haqsızlıqlara və ədalətsizliklərə qarşı yazılan qəhrəmanlıq səhifəsinin başlanğıcıdır.

Azərbaycan xalqı son 200 illik tarixində torpaqlarını itirə-itirə bu günə gəlib çatmış, nəhayət, öz müstəqil dövlətinin və ərazisinin sahibi olmuşdur. 1905–1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, Rusiyanın qurduğu sovet hakimiyyətinin imkanlarından istifadə edən daşnak qüvvələrinin xalqımıza yaşatdığı acı tarix heç vaxt unudulmayacaq. Xüsusilə 1918–1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin törətdiyi xüsusi qəddarlıqla yadda qalmışdır.

Çar Rusiyasının Qarabağda separatçılarda yaratdığı idarəçilik sistemi Cənubi Qafqazda sonu görünməyən gərginlik ocağının formalaşmasına zəmin yaratmışdı. Məhz sonrakı illər ərzində xalqımızın başına ağır faciələr gətirilmiş, deportasiyalar həyata keçirilmiş, yüz minlərlə insan öz doğma yurdunu tərk etməyə məcbur edilmişdir. Belə ki, 1948–1956-cı illərdə Qərbi Azərbaycandan Kür-Araz ovalığına deportasiya edilən 150 mindən çox azərbaycanlı sərt dağ iqlimindən aran bölgəsinin iqliminə uyğunlaşmaqda ciddi çətinliklərlə üzləşmiş, nəticədə böyük itkilər vermişdir. O cümlədən 1987-ci ildən etibarən Ermənistandan didərgin salınmış 300 mindən çox azərbaycanlı uzun illər ərzində qurduqları həyatlarını və doğma yurdlarını qoyaraq qaçmağa və köçməyə məcbur edilmişdir. Nəticədə Ermənistan monoetnik ölkəyə çevrilmişdir.

1988-ci ildən baş qaldıran hadisələr fonunda Ermənistan özünün mifik xəyallarını reallaşdırmağa başlamış, ona dayaq duran qüvvələrin köməyi ilə xalqımıza qarşı soyqırımlar törədilmiş, yüz minlərlə dinc insan doğma yurdlarını qoyub köçməyə məcbur edilmişdir. Başlıbel, Bağanis Ayrım, Ağdaban, Xocalı, Xocavənd və digər ərazilərdə törədilmiş faciələr Azərbaycan xalqını qorxutmağa və onun milli iradəsini sındırmağa hesablanmışdı.

1992-ci il fevralın 26-da 7 mindən çox əhalisi olan Xocalıda bir gecədə uşaq, qadın və qoca demədən 613 insanın vəhşicəsinə və qəddarcasına qətlə yetirilməsi, mindən çox insanın güllə yarası ilə əlil edilməsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Azərbaycan xalqının haqq səsini eşidərək bu özbaşınalıqları, ədalətsizlikləri, soyqırımları və işğalı dayandırması üçün Ermənistanın işğal siyasətinə “dayan” deyən olmadı. 29 il ərzində ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, nəticə etibarilə işğalın aradan qaldırılması təmin edilmədi. Azərbaycan cəmiyyəti bu prosesi getdikcə münaqişənin dondurulmasına və xalqımızın işğalla barışdırılmasına yönəlmiş siyasət kimi qiymətləndirirdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə uzun illər kağız üzərində qaldı və Ermənistanın işğal siyasətinə qarşı onların icrası istiqamətində təzyiq göstərilmədi. Halbuki bəzi ölkələrlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin daha operativ icra edildiyi halda, Azərbaycan məsələsində ikili standartlarvə selektiv yanaşmalar tətbiq olundu.

Azərbaycan dövləti işğalla barışmayacağını və status-kvonun dəyişməz qalmasının qəbuledilməz olduğunu dəfələrlə açıq şəkildə bəyan etdi. Bildirildi ki, torpaqlarımız danışıqlar yolu ilə azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququndan istifadə edəcək. Lakin nə beynəlxalq ictimaiyyət, nə də Ermənistan bu çağırışlara ciddi yanaşdı.

Azərbaycanın rəşadətli Ordusu 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyul hadisələrində öz gücünü qismən nümayiş etdirərək Ermənistanı danışıqlar masasına qayıtmağa və işğala son qoymağa çağırdı. Lakin Ermənistan bundan nəticə çıxarmadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan mövqelərinə intensiv zərbələr endirməsi, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutması və dinc əhali arasında itkilərə səbəb olması 44 günlük Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev əks-hücum əmri verdi və xalqımıza müraciət etdi. Ordumuz Müzəffər Ali Baş Komandanın əmrini canından əziz tutaraq işğalçılara qarşı mübarizəyə başladı.

Xalqımız dövlət başçısının çağırışına bir nəfər kimi səfərbər oldu. Torpaqları işğaldan azad etmək üçün orduya getmək istəyən vətəndaşlar hərbi komissarlıqların qarşısında növbələrə düzüldülər. Arxa cəbhə də səfərbər olundu. “Hər şey cəbhə üçün!” şüarı əsas amal oldu. Siyasi mövqeyindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs birləşərək Dəmir yumruğa çevrildi. Müzəffər Ordumuz düşmənin uzun illər ərzində formalaşdırdığı mifik arzularını darmadağın etməyə başladı. Beləliklə, Ordumuz müharibənin davam etdiyi 44 günün hər birində qəhrəmanlıq dastanı yazdı. Bir addım belə geri çəkilmədən hər gün yeni yaşayış məntəqələri işğaldan azad edilirdi.

Xalqımız hər axşam televiziya ekranları qarşısında əyləşərək ərazilərimizin azad olunması ilə bağlı Müzəffər Ali Baş Komandanın xoş müjdəli mesajlarını səbirsizliklə gözləyirdi. Nəhayət, noyabrın 8-də Şuşada üçrəngli Dövlət Bayrağımızın dalğalandırılması ilə Azərbaycan Ordusu düşməni kapitulyasiyaya məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları da hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı. Beləliklə, xalqımızın mərd və qəhrəman oğulları Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək ərazilərimizi işğaldan azad etməklə Azərbaycan tarixində qızıl hərflərlə yazılan Zəfər, Qələbə və Qalib səhifələrini yazdılar.

Təəssüf ki, müharibə qurbansız keçmir. Biz 2 908 şəhid verdik, 6 nəfər itkin düşdü və mindən çox gəncimiz yaralandı və əlillik qazandı. Dövlətimiz şəhid ailələrinə diqqət və qayğısını heç vaxt azaltmadı. Qazilərimizin reabilitasiyası və sağlamlıqlarına qovuşması üçün müalicə və reabilitasiya tədbirləri təşkil edildi. Ən müasir yüksək texnologiyalı protezlər gətirildi və əlilliyi olan şəxslərin fiziki hərəkətliliyinin bərpası üçün bu gün də müxtəlif tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərə sosial dəstək tədbirləri genişləndirildi. YAŞAT Fondu minlərlə şəxsi öhdəliyə götürərək onların müalicəsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər ehtiyaclarının qarşılanması istiqamətində mühüm işlər gördü.

Dövlətimiz şəhidlərin xatirəsini hər zaman əziz tutur. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin sərəncamı ilə 27 Sentyabr — Anım Günü elan edilmişdir. Xalqımız hər il bu günü böyük ehtiramla qeyd edir, şəhidlərin xatirəsi qarşısında dərin hörmət və ehtiramla baş əyir. Həmin gün saat 12:00-da bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilərək şəhidlərin əziz xatirəsi yad olunur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər Tağı və Memorial Kompleks inşa edilmişdir. Xalqımız hər il bu müqəddəs məkanın qarşısına tər güllər düzərək şəhidlərin xatirəsinə dərin ehtiramını ifadə edir.

44 günlük müharibə Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Torpaqlarımızı öz canı və qanı bahasına işğaldan azad edərək bizə bu qüruru, bu şərəfi yaşadan qəhrəman şəhid övladlarımıza Allahdan rəhmət, doğmalarına səbir diləyirəm.