Xəbərlər
IDEA-nın təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub
Oktyabrın 9-da IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Leyla Əliyeva sığınacağın layihəsi ilə tanış oldu. Məlumat verildi ki, sığınacaqda sahibsiz heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, burada xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi,
heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub. Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərəcək, buraya məktəblilərin xüsusi turları təşkil olunacaq. Layihəyə bununla bağlı, xüsusi təlim otaqlarının tikilməsi də daxil edilib. Eyni zamanda 5 minədək heyvanın, xüsusilə it və pişiyin yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacağın layihələndirilməsində digər ölkələrin təcrübəsindən istifadə olunub.
Sığınacaqda həm də şəhər mühitində nadir hallarda rast gəlinən heyvanların, məsələn atların, bəzi quşların müayinə və müalicəsi mümkün olacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sığınacağın təməlini qoydu.
Sığınacağın yaradılmasında məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azaldılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır.