YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Vasim Məmmədəliyev: Aida İmanquliyeva fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva zəngin ənənələrə malik olan Azərbaycan şərqşünaslığının ən görkəmli və ən parlaq nümayəndələrindən biridir. Bunu Trend-ə akademik Vasim Məmmədəliyev A.İmanquliyevanın anadan olmasının 75 illik yubileyi ilə bağlı açıqlamasında deyib.

V.Məmmədəliyev bildirib ki, bu gün Aida İmanquliyevanın adı təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqında və beynəlxalq miqyasda məşhur olan akademiklər Mirzə Kazım bəy, Əbdülkərim Əlizadə, Həmid Araslı, Ziya Bünyadov, professorlar Mirzə Cəfər Tobçubaşov, Yusif Ziya Şirvani, Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir: "Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş, inkişaf etdirmişdir".

V. Məmmədəliyev bildirib ki, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Akademikin sözlərinə görə, yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Şərq ruhunu Qərb düşüncəsi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər Reyhani, Mixail Nüaymə, İlya Əbu Madi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir: “Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər”.

V. Məmmədəliyev qeyd edib ki, bu gün 20-dən artıq ərəb ölkəsində yaranmış zəngin ədəbiyyatı araşdırıb sistemləşdirmək, onu ümumi bir tədqiqat məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya şərqşünaslığı qarşısında duran ən çətin, ən ümdə problemlərdən biridir: “Mübaliğəsiz demək olar ki, Aida xanım bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu barədə yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuduğu yüksəksəviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının müasir dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdəndir”.

Akademikin sözlərinə görə, Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun yüksəksəviyyəli bir lektor olduğunu qeyd edir, Aida xanımı görmək şərəfinə nail olmamış indiki tələbələr isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən istifadə edib bəhrələnirlər: “Aida xanım həyatdan vaxtsız getdi. O, vaxtsız vəfatı ilə ailəsini, qohum-əqrabasını, dostlarını, həmkarlarını, tələbələrini, bir sözlə, onu tanıyan bütün insanları çox məyus etdi, kövrəltdi. Aida xanım indi də bu insanlar tərəfindən sevilir. Biz onun xatirəsini daim əziz tutur, ona həmişə rəhmət oxuyuruq. Biz həm də belə hesab edirik ki, Aida xanımın unudulmaz xatirəsinə ən böyük hörmət onun zəngin elmi irsini bütövlükdə nəşr edib elmi ictimaiyyətimizə çatdırmaq, onun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuduğu yüksəksəviyyəli mühazirələri çap edib tələbə və aspirantlarımızın istifadəsinə vermək olardı”.

Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir.

A.İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.

Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.