Xəbərlər
ABŞ səfiri: Azərbaycan son 20 ildə cəsarətlə müstəqil siyasət yürüdüb
Azərbaycan son 20 ildə cəsarətlə müstəqil siyasət yürüdüb və bu, bir sıra istiqamətlərdə ABŞ-ın maraqlarına cavab verib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı məlumat verir. Saytın məlumatına görə, bunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışı zamanı deyib.
Riçard Morninqstar qeyd edib ki, Azərbaycan bu kursu çətin qonşuluq şəraitində həyata keçirib: "Azərbaycan Əfqanıstan üzrə əməkdaşlığı davam etdirir ki, bu da Bakı vasitəsilə qeyri-hərbi yüklərin və avadanlıqların tranzitini reallaşdırmağa imkan verir. Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanın inkişafında iştirak edəcək".
Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasındakı mövqeyini dəstəkləyir.
Riçard Morninqstar bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə səs verən bir neçə postsovet ölkədən biri olub: "Azərbaycan artıq 20 ildir ki, istehsalat və öz təbii resurslarının tədarükü sahəsində müstəqil siyasət yürüdür. Bizim tərəfdaşlığımız bu sahədə genişləndiriləcək. Biz, həmçinin terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edirik. Bu, energetika infrastrukturunun mühafizəsi sahəsində əməkdaşlığı da nəzərdə tutur".