Xəbərlər
Seyfəddin Talıbov: Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir
«Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir». Bu fikri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
S.Talıbov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Onun sözlərinə görə, elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir.
«Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli çoxalıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Səpin, becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.