Xəbərlər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Varşavada qeyd edilib
Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi ilə tanış olublar. Bir ay fəaliyyət göstərəcək sərginin əsas məqsədi Azərbaycanın turizm imkanlarını Polşada tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz haqqında məlumatlılığı artırmaqdan ibarətdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Mazovetski voyevodluğunun voyevodu (qubernatoru) Zdislav Sipiera sərgi ilə tanış olublar.
Sonra Azərbaycan nümayəndə heyəti Varşavadakı Yuzef Polinski adına parkda ucaldılan “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət edib, abidə önünə əklillər qoyublar. Məlumat verilib ki, bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb, Azərbaycan və polyak xalqları arasında dostluq və qardaşlığın simvoludur.
Həmin gün Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Polşadakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş tədbirdə xarici işlər nazirinin müavini və digər nazirliklərin məsul əməkdaşları, Seym və Senatın vitse-marşalekləri və deputatları, Mazovetski voyevodası, Polşa regionlarının nümayəndələri, Varşavada akkreditə olunmuş səfirlər və diplomatik korpusun təmsilçiləri, Polşanın ictimai-siyasi həyatının, orta və ali təhsil müəssisələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayıb.
Bildirilib ki, bu gün qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında, siyasi, iqtisadi və mədəni sahələrdə formalaşan Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında olan səmimi işgüzar və dostluq münasibətləri qarşılıqlı etimad üzərində qurulub.
Səfir ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığa böyük töhfə verən, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan, Azərbaycan mədəniyyətini və tarixini dünyada uğurla tanıtdıran, ölkəmizdə və dünyada bir çox humanitar layihələr həyata keçirən Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd edib. Bildirilib ki, Fondun prezidenti Mehriban Əliyeva bu səmərəli fəaliyyətinə görə UNESCO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan-Polşa dostluq münasibətlərinin inkişafına xidmət edən bir sıra tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda 200 nəfərlik məktəb inşa olunub, polyak pianoçu Stanislav Deanın konserti təşkil edilib, daun sindromlu uşaqların Krakov şəhərinə səfəri həyata keçirilib. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan və Polşa arasındakı dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə Polşanın “Böyük Komandor” ordeni ilə təltif edilib. 2010-cu ildə isə Polşanın Azərbaycandakı səfiri Azərbaycan Prezidentinin qərarı ilə ölkələr arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən səfir H.Həsənov qeyd edib ki, Azərbaycanda birinci respublika cəmi 23 ay ömür sürüb, lakin qısa müddətdə ciddi dövlət quruculuğu tədbirləri həyata keçirib, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub. 1991-ci ildə müstəqilliyini bərpa etmiş respublikamız beynəlxalq aləmdə uğurlu xarici və daxili siyasət yürüdən, inkişaf etmiş demokratik dövlət kimi tanınır. Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan Strateji Tərəfdaşlıq Sazişi hərtərəfli və bərabərhüquqlu əməkdaşlığı daha da inkişaf etdirəcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan səfiri bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb. Ermənistan münaqişənin siyasi həllini inkar edərək, Avropanın və regionun təhlükəsizliyini zərbə altına qoyub. O, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə dəstəyə görə Polşa hökumətinə təşəkkür edib.
Azərbaycan və Polşa arasında ilk diplomatik təmasların hələ 1472-ci ildə baş tutduğunu xatırladan səfir qeyd edib ki, ötən dövrlər ərzində onlarla azərbaycanlı və polyak ölkələrimiz arasında siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfələr verib. Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin şəxslərin xatirəsi əbədiləşdirilib, Polşanın müxtəlif şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulub.
Həmçinin bildirilib ki, bu il Azərbaycan və Polşa xalqları öz respublikalarının yüz illiyini qeyd edirlər. Polyaklar Azərbaycanın, azərbaycanlılar ilə Polşanın azadlığı və müstəqilliyi uğrunda vuruşublar. Bu mübarizənin ən parlaq nümunəsi Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş, general-mayor, milliyətcə polyak Matsey Sulkeviç və Polşa Ordusunun, habelə Armiya Krayovanın polkovniki olmuş, milliyətcə azərbaycanlı Vəli bəy Yadigardır. Azərbaycan hökuməti bu iki görkəmli şəxsiyyətin ölkələrimizin müstəqilliyi uğrunda mübarizəsini əbədiləşdirib, Varşavadakı Polinski parkında onların abidəsini ucaldıb.
Polşa xarici işlər nazirinin müavini Bartoş Çixotski çıxışında Polşa və Azərbaycan əlaqələrində birləşdirici aspektlərə toxunub. Qeyd edilib ki, polyaklar 100 il bundan əvvəl Azərbaycan dövlətinin yaradılmasında iştirak ediblər. Azərbaycan Ordusunda, neft sənayesində, müasir şəhər salınmasında və eləcə də Azərbaycan mədəniyyətində polyak izlərinə rast gəlmək mümkündür. Nazir müavini bildirib ki, bu gün də ölkəsi Azərbaycanın inkişafının bir hissəsi olmaq istəyir, beynəlxalq hüququn prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair tədbirləri dəstəkləyir.
İki ölkə arasındakı sıx siyasi atmosfer və dostluq münasibətlərindən məmnunluqla bəhs edən B.Çixotski ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin baş tutduğunu və bu sıx əlaqələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olunub. Polyak müğənni Malvina Kuşiorun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.
Kral sarayının foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən foto və sənədlər, video və audiomateriallar, səfirliyin tərtib etdiyi broşürlər təqdim olunub, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib.