YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var.

Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan insan kapitalının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 192 nömrəli tam orta məktəbdir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir tədris avadanlıqları və dərs ləvazimatları ilə təchiz edilib. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

 

DİGƏR Xəbərlər Arxiv