Xəbərlər
Cavid Osmanov: Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir
«Azərbaycan bir çox dünya dövlətləri ilə fəal əməkdaşlıq edir. Bu baxımdan, ölkəmiz türkdilli dövlətlərlə də həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əlaqələrə malikdir». Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, türkdilli dövlətlərlə münasibətlər siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir. Onun sözlərinə görə, dövlətlərimiz bu sahələrdə əhəmiyyətli nəticələr əldə olunub.
«Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün nəticələri də bunu deməyə əsas verir. Azərbaycan türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə də xüsusi əhəmiyyət verir. Şübhəsiz ki, bu, bütün türkdilli dövlətlər üçün strateji önəm kəsb edir. Dünya iqtisadiyyatında ciddi dəyişikliklərin, eləcə də yeni qlobal çağırışların meydana çıxdığı şəraitdə türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya qoyuluşunun təşviqi üçun yeni mexanizmlərin işlənməsi böyük əhəmiyyətə malikdir. Çox əlverişli sərmayə mühitinə sahib olan Azərbaycan həm də qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar qoyur. Azərbaycan digər ölkələrlə də bu baxımdan aktiv əməkdaşlıq edir. Bütün bunlar həm qarşılıqlı faydalı münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan bununla həm özünün iqtisadi maraqlarını təmin edir, həm də sərmayə yatırdığı ölkələrdə yeni imkanlar yaradır»-deyə, C.Osmanov vurğulayıb.