Xəbərlər
Eldar İbrahimov: Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək
«Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin zəngin proqramı, iki ölkə prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri dövlətlərimiz arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir dönəmin başlandığını göstərir». Bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bu səfər zamanı aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərində növbəti mərhələdir. Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatlarındakı fikirləri da bir daha sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndiriliməsində maraqlıdır və qərarlıdır.
«Azərbaycanla Rusiya arasında tarixən qonşuluq, dostluq münasibətləri mövcud olub. Prezidentlərin Soçi görüşü də bu münasibətlərin, iki ölkə arasında qarşılıqlı əlaqələrin məntiqi davamıdır. Fikrimcə, proseslər bundan sonra da məhz bu istiqamət üzrə davam edəcək. Dərin köklərə və möhkəm dayaqlara malik olan münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlər səmimi, qarşılıqlı etimad və etibar üzərində qurulub, möhkəmlənib. Cənab Prezidentin Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənləşdirən amillərdən biri də şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E. İbrahimov səfərin ən mühüm və vacib məqamlarından biri kimi, uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki dövlətin rəhbərləri səviyyəsində bir daha geniş müzakirə olunmasını, konfliktin çözümü ilə bağlı ümidverici, danışıqlar prosesinə impuls verəcək notların səsləndirilməsini vurğulayıb: «Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin Rusiyaya bu səfəri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə də ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rola malik olduğu kimsəyə sirr deyil. Rusiya Prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını nəzərəçarpacaq dərəcədə artıracağına ümid verir. Mətbuat konfransında da Prezident İlham Əliyevin səsləndirdiyi "Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək" fikirləri də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə ümidləri artırır. Deməli, hələ də danışıqlar, sülh yolu ilə münaqişənin həlli perspektivləri qalmaqdadır. Odur ki, böyük qonşumuz və strateji tərəfdaşımız olan Rusiyadan bu istiqamətdə əməli addımları gözləyirik»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.