Xəbərlər
Rusiyalı ekspert: “Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir
“Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir. Bu layihədə Azərbaycan çox böyük rol oynayır.
Tanınmış rusiyalı ekspert, Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov bu sözləri Azərbaycan dövlətinin başçısı İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlarının yekununu şərh edərkən söyləyib.
O deyib: “Bu cür görüşlər ölkələrimizin liderləri üçün artıq ənənəvi hal alıb. İlham Əliyevin Rusiyaya səfəri onun Rusiya tərəfinə və şəxsən Vladimir Putinə etimadının göstəricisidir. Belə olmasaydı onların görüşü hər hansı beynəlxalq forum çərçivəsində neytral ərazidə keçirilərdi. Görüşlərin müntəzəm keçirilməsi və yeni sazişlərin imzalanması ilə başa çatması onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və uzunmüddətli planlara əsaslanır”.
Ekspert Soçi görüşünün nəticələrindən söhbət açaraq deyib: “Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı yeni təkan alıb. Azərbaycanda “QAZ” avtomobillərinin yığma sahəsinin inşa edilməsi, “Qoşadaş” qaz yatağının və Xəzər dənizinin təkindəki bir hissənin “Rosneft” və SOCAR tərəfindən birgə öyrənilməsi layihələri ölkələrimizi ən mühüm sahələrdən biri olan neft-qaz və maşınqayırma sahəsində, deməli, siyasi baxımdan da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, bu layihələrin həyata keçirilməsi üçün illərlə vaxt tələb olunur. Bu, dövlətlərimiz arasında münasibətlərin strateji xarakterini bir daha vurğulayır”.
İ.Pyatibratov “Şimal-Cənub” layihəsinin əhəmiyyətini qeyd edərək dəqiqləşdirib: “Bu cür uzunmüddətli layihələr onların iştirakçılarını öz daxili və xarici siyasətlərini əlaqələndirməyə, maksimum səmərəli əməkdaşlığa və gələcəyi birgə qurmağa sövq edir. Bununla əlaqədar, deyə bilərəm ki, indiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan - siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir. Beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin tədricən, lakin düzgün istiqamətdə möhkəmlənməsini, ölkələrimizin müştərək gündəliyinin formalaşmasını və qarşılıqlı maraqlar nəzərə alınmaqla əlaqələndirilməsini müşahidə edirik”.