Xəbərlər
Mitsuko Şino: Yaponiya hökuməti Azərbaycanda investisiyasını artırmaqda maraqlıdır
Bu, Yaponiya xarici işlər nazirinin Ermənistana və Gürcüstana ilk, Azərbaycana isə 1999-cu ildə baş tutan səfərdən sonra ikinci səfəridir. Yaponiyanın Azərbaycanla siyasi və iqtisadi əlaqələri 19 ildir ki, mövcuddur.
Bunu Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Şino bildirib.
Xanım M.Şino qeyd edib ki, Yaponiya hökuməti Azərbaycanla əlaqələrini inkişaf etdirmək istəyir. Onun ölkəsi Azərbaycandan təbii ehtiyatların alınmasına maraq göstərir. Eyni zamanda, hüquq, kompüter texnologiyaları sahəsində kadrların hazırlanması işinə kömək göstərməyə hazırdır.
M.Şino əlavə edib ki, Yaponiya Azərbaycanda investisiyasını artırmaqda maraqlıdır. Yaponiyada İT texnologiya şirkətləri çoxluq təşkil edir. Azərbaycan şimal və cənubu birləşdirəcək böyük nəqliyyat dəhlizi layihəsi üzərində çalışır. Bununla da dünya bazarına geniş çıxış imkanı əldə edir. Sürətli qatar istehsalı sahəsində inkişaf edən Yaponiya bu nəqliyyat dəhlizlərində istifadə üçün müasir qatarlar təqdim edə bilər.