Xəbərlər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu təşkilatla əməkdaşlığa başlayıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu klublarından biri olan “İnterAction Council” təşkilatı ilə əməkdaşlıq edəcək.
Bu barədə razılıq Mərkəzin baş katibi Rövşən Muradov ilə “İnterAction Council”ın baş katibi Tomas Aksvorti arasında Nyu- Yorkda keçirilmiş görüşdə əldə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, görüşdə T.Aksvortiyə Mərkəzlə bağlı ətraflı məlumat verilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq birgə əməkdaşlıq çərçivəsində 2016-cı ildə beynəlxalq toplantının keçirilməsi qərara alınıb.
Qeyd edək ki, “İnterAction Council” təşkilatı da Madrid Klubu kimi sabiq prezident və Baş nazirləri birləşdirən nüfuzlu təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar.