YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda Azərbaycanın neft və qaz sənayesinə həsr olunmuş biznes-seminar keçirilib

Londonda Birləşmiş Krallığın Enerji Sənayesi Şurası (The Energy İndustrial Council) tərəfindən “Azərbaycan neft və qaz sənayesi: cari layihələr, perspektivlər və yerli biznesin inkişafı” mövzusunda biznes-seminar keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Böyük Britaniyadakı nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə təşkil edilən seminar “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunub.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, seminarda bp, “AMEC”, “Cameron International”, “Tenaris Global Services”, “Technip E&G” daxil olmaqla 50-dən artıq şirkətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin neft və qaz strategiyası, həmçinin Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verib.

ARDNŞ-in “Xarici Təqaüd Proqramı”nın məzunu, şirkətin baş ofisinin məsul əməkdaşı Təbriz Əmmayev “Azərbaycan neft və qaz sənayesi: əldə olunmuş nailiyyətlər və perspektivlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və ARDNŞ-in ölkədaxili və xaricdəki fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.

Şirkətin Böyük Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Azərbaycanda yaradılmış münbit investisiya mühiti haqqında məlumat verib. O, həmçinin neft və qaz sektorunda yerli biznesin inkişafından danışıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminarda “Əsrin müqaviləsi”nin 20 illiyinə, habelə ARDNŞ-in yeni loqosuna həsr edilən filmlər nümayiş olunub.

Biznes-seminarın ikinci hissəsində “bp Global” şirkətinin satınalmalar üzrə rəhbəri Peter Roberts “bp-nin regionda fəaliyyəti, cari layihələr və perspektivlər”, “Penspen” şirkətinin baş layihə rəhbəri John Downer “Azərbaycan-Gürcüstan-Rumıniya” (AGRİ) qaz kəməri layihəsinin konsepsiyası”, Birləşmiş Krallığın ticarət və investisiya dövlət agentliyinin Orta Şərq və Şimali Afrika üzrə regional rəhbəri Jamie Banks “Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinə dəstək” və “ERM” şirkətinin partnyoru Elena Əmirxanova “Azərbaycanda biznes fəaliyyəti” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə iştirak edən müxtəlif şirkət nümayəndələrinin ARDNŞ-in əməkdaşları ilə təkbətək görüşlərində Azərbaycanda sərmayə qoyuluşuna maraq göstərildiyi və seminarda bu məsələ ilə bağlı lazımi məlumat verildiyi qeyd olunub.

Enerji Sənayesi Şurasının neft və qaz bölməsinin rəhbəri Neil Golding biznes-seminarın təşkilində göstərdiyi dəstəyə görə ARDNŞ-in Böyük Britaniyadakı nümayəndəliyinə minnətdarlığını bildirib və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, ARDNŞ nümayəndələrini noyabrda Mançesterdə keçiriləcək sərgi-konfransa dəvət edib.