Xəbərlər
Nazirlər Kabinetində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyulun 25-də Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında yüksək səviyyəli dialoqun və səfərlər mübadiləsinin həyata keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. Bu əlaqələrin inkişaf etdirilməsi üçün son illər mühüm addımlar atılıb. Eyni zamanda, Azərbaycanın bir sıra Afrika ölkələrinə humanitar yardımlar göstərdiyini xatırladan Baş nazir qeyd edib ki, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın neft-qaz hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin olduğunu bildirən Baş nazir deyib ki, ölkəmiz bu təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır.
2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov bunun təşkilatda təmsil olunan Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını qeyd edib.
Ölkəmizin elektron idarəçilik sisteminin yaradılması sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Novruz Məmmədov artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və onun şəffaflıq, vətəndaş məmnunluğu sahəsində oynadığı əhəmiyyətli rol haqqında ətraflı məlumat verib.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Afrika İttifaqı ölkələrinin Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında təhsil sahəsindəki əlaqələrə toxunan Baş nazir Novruz Məmmədov hələ 1960-1980-ci illərdə beş mindən çox afrikalı tələbənin ölkəmizdə təhsil aldığını xatırladaraq qeyd edib ki, hazırda da bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə afrikalı tələbələrə Azərbaycanda müxtəlif təhsil proqramlarında iştirak üçün şərait yaradılır.
Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd Azərbaycana səfərindən, keçirdiyi səmərəli görüşlərdən məmnun qaldığını bildirib. Qonaq Azərbaycanın turizm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdəki təcrübəsindən yararlanmağın faydalı olacağını vurğulayıb.
Söhbət zamanı, həmçinin aviasiya, neft-kimya, innovasiyaların ixracı, humanitar və digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.