Xəbərlər
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
«Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin səciyyəvi cəhəti ondan ibarətdir ki, məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son 15 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan, 2018-ci ilin birinci yarısı da istisna deyil». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin strateji hədəflərə uyğun siyasət həyata keçirir. Onun sözlərinə görə, bu siyasətdə milli maraqlar əsas götürülür və ilk növbədə ölkənin güclü potensialına, müsbət reallıqlarına istinad edilir.
«Beləliklə, müstəqil respublikamızda nümunəvi inkişaf modeli formalaşıb. Bir sıra spesifik cəhətləri ilə fərqlənən bu inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, beynəlxalq səviyyəli reytinq agentlikləri respublikamızın əldə etdiyi nailiyyətlərə istinad edərək perspektiv inkişafla bağlı müsbət proqnozlar veriblər. O cümlədən, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir»-deyə, deputat qeyd edib.