Xəbərlər
Əflatun Amaşov: Söz və ifadə azadlığı demokratik cəmiyyətlərdə başlıca meyardır
«Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir. Diqqət ona əsaslanır ki, mediada dövriyyəyə buraxılan hər fikir cəmiyyət üçün önəmlidir və dövlət də fəaliyyətini məhz bu fikirlərə uyğun şəkildə qurur. Qayğı isə həmin fikirlərin daha geniş formada və konseptual səslənməsi üçün bir növ, plasdarm formalaşdırır. Ona görə də bu iki cəhət bir-birini tamamlayır». Bu fikirləri yap.org.az. saytına Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, azad media olmadan cəmiyyətin inkişafından, dövlətin də beynəlxalq arenada özünü təsdiqləməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, azad media söz və ifadə azadlığı deməkdir.
«Bu dəyərlər isə dünyanın diqqətindədir. Söz və ifadə azadlığı beynəlxalq aləmdə dövlətlərə, xalqlara münasibətin formalaşmasında başlıca meyardır. Azərbaycan mediası da fəaliyyətini məhz bu meyarlara verilən dəyər üzərində qurmalıdır və qurur da. Bilirsiniz, hər bir halda məsələyə müqayisəli yanaşılmalıdır. Yəni vəziyyət on il əvvəl necə idi, indi necədir? Düşünürəm ki, kifayət qədər müsbət irəliləyişlər var. Dövlət dəstəyi faktiki olaraq jurnalistikanı imtiyazlı sahəyə çevirib. Dünyanın heç bir yerində jurnalistlərin pulsuz mənzillə təminatı praktikası yoxdur. Media təmsilçiləri üçün iki yaşayıb binası istifadəyə verilib, üçüncüsünün inşası davam etdirilməkdədir. Bəzən müəyyən fikirlər səslənir ki, bu, jurnalistləri asılı salmaq üçün edilir. Təbii, bu baxışlar yalnış və qərəzdidir. Çünki ötən müddətin təcrübəsi göstərir ki, evlə təmin olunan jurnalistlərdən heç biri özünün yaradıcılıq dairəsini daraltmayıb, əksinə onlar peşələrinə daha sıx surətdə bağlanıblar, inkişafda pay sahibinə çevriliblər. Dövlətin dəstəyi məhz bu baxımdan əhəmiyyətli olub. Digər tərəfdən, redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Onlar özlərini müasir avadanlıqlarla təmin etmək imkanı əldə ediblər. Bu isə yaradıcıq üçün geniş meydan deməkdir»-deyə, Ə.Amaşov vurğulayıb.