Xəbərlər
Prezident İlham Əliyev: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizdir.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.
Nəşrdə Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərinə, Sammitdə çıxışına, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa işgüzar səfərinə, Şuranın iclasında çıxışına, Tacikistana rəsmi, Fransaya, Macarıstana işgüzar səfərlərinə, Macarıstan Milli Televiziyasına müsahibəsinə, habelə İran İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı dövlətimizin başçısının apardığı danışıqlara, eləcə də imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda Prezident İlham Əliyevin Rusiya, İtaliya, Estoniya, Vyetnam, Albaniya, Avstriya, Qətər, Almaniya və başqa dövlətlərin, BMT, ISESCO, Avropa İttifaqı, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların, Asiya İnkişaf Bankının, Dünya Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul etməsinə dair informasiyalar da yer alıb.
Azərbaycan Prezidentinin “Əsrin müqaviləsi”nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə, IV Beynəlxalq Humanitar Forumun, Gənclər Siyasəti üzrə I Qlobal Forumun rəsmi açılışları mərasimlərində nitqləri ilə, ayrı-ayrı dövlətlərin bu tədbirlərdə iştirak üçün ölkəmizə səfər etmiş nümayəndələrini qəbul etməsinə dair materiallarla da 65-ci kitabda tanış olmaq mümkündür.
Nəşrdə, həmçinin dövlətimizin başçısının yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudi icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri, “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılarına məktubları və digər müraciətləri yer alıb.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin İsmayıllı, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin mətnləri verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.