Xəbərlər
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
İyunun 22-də Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir.
Təlimdə əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.
Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.
Sonra üç təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib. Belə ki, birinci təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi olub. İki nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneələğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqları praktiki cəhətdən yerinə yetirilib. Üç nömrəli təlim nöqtəsində isə ponton-körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi tapşırığı yerinə yetirilib.
Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanması, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi, maneələğvetmə qruplarının hərəkəti və tank əleyhinə xəndəklərdən keçilməsi və s. tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Tapşırıqların icrası zamanı bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.