Xəbərlər
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
ABŞ Konqresinin Nümayəndələr Palatasında Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupunun üzvü nüfuzlu respublikaçı Pit Seşnz Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda 1918-ci il mayın 28-də təməli qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb. Sovet İttifaqının süqutundan sonra ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib. 2001-ci il 11 sentyabr terrorundan sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.
Bəyanatda, eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu qeyd edilib. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının şaxələndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Sonda Konqres üzvü bir daha Azərbaycan Respublikasını bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidvar olduğunu bildirib.