YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyətinin AŞPA-da növbəti qələbəsi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş gününün ikinci yarısında qurumun Bürosunun və Daimi komitəsinin fəaliyyətinə dair hesabat, eləcə də “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində vəziyyətin gərginləşməsi” adlı yeni məruzənin hazırlanmasının AŞPA-nın siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə büroda qəbul olunan qərar ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA Bürosunun fəaliyyətində müsbət irəliləyişlərin olduğuna bildirib. O, deyib: “Hər sessiyanın başlanğıcında dinlədiyimiz bu hesabatların ənənəvi olmayan bir cəhəti var. Hər dəfə görülmüş işlərin əhatə dairəsi fərqli olur və yeni addımlar atmağa cəhdlər müşahidə olunur. Assambleya öz səylərində daha yüksək inkişafa çatmağa cəhd edir. Bu isə onu göstərir ki, Avropa Şurası ömrünün 66-cı ilinə qədəm qoysa da, o yenə cavandır, enerji ilə doludur və yeni uğurlara çatmaq əzmindədir. Növbəti belə hesabatlarda inkişaf barədə daha inamla danışmaq üçün, artıq stereotipləşmiş nöqsanlardan azad olmaq lazımdır. Belə arzuolunmaz hallardan biri eyni ailə daxilindəki bərabərhüquqlu üzvlərə qeyri-bərabər, ikili standartlara gətirib çıxaran fərqli yanaşmanın mövcud olmasıdır. Digər bir nöqsan hansısa sərt tədbiri görməyə süstlük göstərmək, atılmalı olan konkret addımı ifrat dərəcədə ləngitməkdir. Ermənistan 14 ildir ki, Parlament Assambleyasındadır və bu ölkə təşkilata üzv qəbul ediləndə Avropa Şurasının tələblərinə zidd olan bir dövlət idi. Ermənistan Avropa Şurasına üzvlüyə işğalçı kimi qəbul edilmiş ilk və yeganə dövlətdir. Bu ölkədə kriminal rejimin mövcudluğu məlum faktdır və bunu Ermənistanın özündəki demokratik qüvvələr də dəfələrlə bəyan ediblər. Ermənistan rəhbərliyinin apardığı təcavüzkar siyasətin və yararsız idarəçiliyin nəticəsi olaraq ölkə iqtisadi iflas içərisindədir və bu vəziyyət hər yeni gündə bir az da ağırlaşır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə hər dəfə məsələ qaldırılırkən bəziləri burada vaxtaşırı belə bir ifadə işlədirlər ki, bundan ötrü ATƏT-n məxsusi olaraq yaradılmış Minsk qrupu var. Səhv yanaşmadır, amma tutaq ki, bununla razılaşdıq. Bəs Ermənistan rəhbərliyinin öz xalqına qarşı apardığı mübarizədə haqları tapdalanan, fəlakət içərisindəki o zavallı xalqı müdafiə etmək məgər Avropa Şurasının vəzifələrinə daxil deyilmi? Son illərdə, xüsusən də axırıncı bir neçə Büro iclaslarında Ermənistanla bağlı müxtəlif sənədlər müzakirə mövzusu olub və bu ölkəyə qarşı, törətdiyi cinayətlərin müqabilində təsirli sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb. Mən bunu Büronun fəaliyyətlərində müsbət bir hal kimi qiymətləndirirəm ki, nəhayət heç olmazsa bir istiqamətdə buz sınıb.

Adətən Ermənistanın törətdiyi müxtəlif cinayətkar əməllərlə bağlı müstəqil məruzələr hazırlanmasını təklif edən sənədləri Büro əvvəllər ölkə üzrə monitorinq aparan məruzəçilərə yönəldirdi. Bu xeyli dərəcədə formal yanaşma idi, çünki bu cür ciddi problemlər ümumi məruzənin içində sadəcə bir bənd kimi toxunulmaqla faktiki olaraq kənara atılırdı. Lakin Büronun son yığıncaqlarında istər Sərsəng su anbarı, istər zəbt olunmuş ərazilərdə vəziyyətin gərginləşməsi, istərsə də Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı bu ölkəyə sanksiyalar tətbiq edilməsini qaldıran qətnamə layihələrinin müzakirə edilməsi diqqətəlayiqdir”.

R.Hüseynov Büronun “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində vəziyyətin gərginləşməsi” adlı məruzəni Siyasi İşlər və Demokratiya Komitəsinə məruzəçi təyin edilməsindən ötrü göndərilməsini təqdirəlayiq addım kimi dəyərləndirib: “Ermənistan dövlətinin bir-birinin ardınca törətdiyi cinayətkar əməllər ona qarşı sanksiyalar tətbiq edilməsini qaçılmaz edir. Əlbəttə, sanksiyaların tətbiqi deyərkən bizim əsas məqsədimiz Ermənistanı burada təmsil edən deputat həmkarlarımızın cəzalandırılması deyil. Əslində onlar özləri də, Ermənistanda yaşayan qohum-əqrəbaları da rəsmi Yerevanın apardığı siyasətin qurbanları, yaranmış vəziyyətin girovlarıdır. Bu gün söhbət yalnız Azərbaycanı Ermənistandan qorumaqdan getmir, elə bir məqam yetişib ki, artıq erməni xalqını da Ermənistan dövlətindən qorumaq zərurəti yaranıb. Ona görə də ümid edirəm ki, AŞPA, eləcə də Nazirlər Komitəsi qarşıdakı yaxın dövrdə Ermənistanla bağlı qəti tədbirlər görəcəkdir. İnanmaq istərdim ki, artıq Büro və Daimi komitənin növbəti hesabatında biz Ermənistana tətbiq edilmiş sanksiyalarla bağlı ayrıca hissənin də yer aldığına şahid olacağıq”.

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair AŞPA-da müzakirələr aparılmasının vacibliyini vurğulayaraq deyib: “Hər dəfə regionumuzda baş verən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda - xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim ki, erməni həmkarlarımız bu problemin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına can atırlar. Əziz həmkarlar, bəs hazırkı Assambleya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə yaratmaq istədikdə siz harada idiniz? Biz bu problemi sizinlə burada müzakirə etmək istədik, siz isə bundan imtina etdiniz. Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul edilə biləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harada idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və Assambleya Azərbaycan tərəfinin deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitmək barədə razılıq verdikdə hər dəfə yox deyirsiniz. Bəs belə olan halda biz nəyi müzakirə edə bilərik? Artıq vaxtdır ki, biz bu kimi məsələlərdə Avropa Şurasının səsini eşidək. Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacib bir məsələdir. Hesab edirəm ki, AŞPA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün bu çox vacib bir siqnal olardı”.

Müzakirələrdə çıxış edən əksər deputatlar Azərbaycanın mövqeyini dəstəkləyərək münaqişə ilə bağlı məruzənin siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə Azərbaycan nümayəndə heyətinin təklifini dəstəkləyiblər.

Ermənistan nümayəndə heyətinin üzvü Hermina Naqdaliyan məsələnin müzakirəsini monitorinq komitəsinə çıxarmaq barədə təklif irəli sürüb və onun təklifi ümumi səsə qoyuldu.

Səsvermədə iştirak edən 128 deputatdan 74-ü məsələnin monitorinq komitəsinə deyil siyasi işlər və demokratiya komitəsinə həvalə edilməsinin lehinə, 47 deputat əleyhinə səs verib, 7 deputat isə bitərəf qalıb.

Bu, özlüyündə Azərbaycan nümayəndə heyətinin növbəti qələbəsi deməkdir.

 

DİGƏR Xəbərlər Arxiv