YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub

Milli Məclisin plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, qanun azad zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

V.Ələsgərov qeyd edib ki, azad zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur: "Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir".

V. Ələsgərov söyləyib ki, əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.