Xəbərlər
ABŞ-ın “The Daily Caller” nəşri: Azərbaycan Qərbə istiqamət götürüb
ABŞ-da çıxan “The Daily Caller” nəşrində siyasi şərhçi və “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Gənc ölkədə demokratiyanı gənclər irəlilədir” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanda keçirilən prezident seçkilərindən danışılır. ABŞ-dan müşahidəçi qismində prezident seçkilərində iştirak edən müəllif seçki məntəqələrinə getməsindən, öz namizədinə səs vermək üçün növbəyə düzülən insanları (xüsusən gəncləri) müşahidə etməsindən, müxalifət partiyalarından olan müşahidəçilərlə söhbətlərindən yazır. R.Kontreras qeyd edir ki, müxalifət partiyalarından çox müşahidəçi görüb.
Azərbaycan gənc dövlətdir. Yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra vəziyyəti nizamlamaq, ölkə iqtisadiyyatında islahatlar aparılması üçün Qərb şirkətləri ilə sazişlər imzalamaq mümkün olub. Kommunist keçmişindən yaxa qurtaran Azərbaycan Qərbə istiqamət götürüb.
R.Kontreras yazır ki, o, bütün bunlar barədə mürəkkəb regionda yerləşən, amma ABŞ ilə dostluq münasibətləri olan bir ölkədə öz vətəndaşlıq borcunu yerinə yetirmək – prezident seçkilərində səs vermək üçün səbirlə növbədə dayanan yüzlərlə azərbaycanlını müşahidə edərkən düşünüb.