Xəbərlər
Sergey Lebedev: Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının İlham Əliyevə nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür
11 aprel Azərbaycan Prezidenti seçkilərinin nəticələri Azərbaycan xalqının İlham Əliyevə nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür.
MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
S.Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb:
“Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”.
S.Lebedev dövlətimizin başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.