Xəbərlər
TÜRKPA və Türk Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərini birgə müşahidə edəcəklər
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Assambleyadan bildiriblər ki, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğızıstan Joqorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpək və Ceyhun İrgil daxildir.
Müşahidəçilər missiyasının Azərbaycanda bir sıra görüşləri də planlaşdırılır.
Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrində olacaqlar.
Bundan əlavə, TÜRKPA nümayəndə heyəti Türk Şurası baş katibinin müavini Ömər Kocamanın başçılıq etdiyi və Şura Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaq. Türk Şurasının proqramına Şəki və Quba rayonlarına səfər də daxildir. Bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.
Aprelin 11-də TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir. Aprelin 12-də isə TÜRKPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.