Xəbərlər
Pirallahıda “İlhamla irəli” devizi altında seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdir. 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Pirallahı rayonunun seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, praqmatik daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. Hikmət Şikarov əlavə edib ki, Pirallahı rayonundan olan seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər, azad və demokratik prezident seçkiləri nəticəsində xalqımız növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini bayram edəcək, çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.
Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, “İki Sahil“ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edib.
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov rayon əhalisinin yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açaraq ağsaqqallar adından cənab İlham Əliyevi dəstəklədiklərini bildirib.