Xəbərlər
Bakının Nizami rayonunda qadın seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon qadınları ilə keçirilib.
Tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb.
Çıxış edən YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir.
Gənclər və tələbələr adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Aygün Rəhimli, Nizami rayon təhsil işçiləri adından çıxış edən 70 saylı məktəb-liseyin müəlliməsi Lətifə Əzimova, Nizami rayon tibb işçiləri adından çıxış edən 19 saylı Uşaq Poliklinikasının həkimi Mətanət Əliyeva, Sahibkar xanımlar adından çıxış edən “Tovuz-Baltiya” Şirkətinin baş direktoru Günel Məmmədhəsənova və YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva söyləyiblər ki, hər zaman olduğu kimi bu dəfə də Nizami rayon qadınları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə sevgisini, hörmətini səsvermə məntəqələrində fəallığı ilə isbatlayacaq.