Xəbərlər
ATƏT: Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir
Londondakı “Emerging Europe” beyin mərkəzinin internet saytında “ATƏT: Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir” sərlövhəli məqalə verilib.
Məqalədə müəllif ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında çıxış edən qurumun sədri Georgi Tsereteliyə istinad edib. Bildirilib ki, Yeni İpək Yolu boyunca dayanıqlı nəqliyyat qovşağının mövcudluğu bu təşəbbüsə qoşulan bütün ölkələrin ümumi məqsədinə xidmət edir və Azərbaycan bu prosesə önəmli töhfə verir.
Məqalədə bildirilib ki, martın 13-14-də keçirilən forumda iştirak edən ATƏT Parlament Assambleyasının üzvləri İpək Yolu iqtisadi, nəqliyyat və logistika infrastrukturu məsələləri ilə bağlı parlamentlərin birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Müəllif G.Tsereteliyə istinadən yazır ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir. Dünya iqtisadiyyatında mövcud vəziyyət ölkələrin üzləşdiyi problemləri sıx əməkdaşlıq yolu ilə aradan qaldırmalarını qaçılmaz edir. Bakı-Tbilisi-Qars dəmir yolu Şərq ilə Qərb arasında yeni dəhlizin bariz nümunəsidir və bu cür layihələr ölkələr arasında iqtisadi bağların qurulması baxımından mühüm rol oynayır. Azərbaycan Avropa və Asiyanın kəsişməsində yerləşən vacib aktor kimi öz təsir dairəsini daha da gücləndirmək üçün İpək Yoluna Dəstək Qrupunu yaradıb. Bu qrupun əsas məqsədi nəqliyyat dəhlizlərini təşviq etmək, ticarət və nəqliyyat prosedurlarını asanlaşdırmaq, insanların, malların, xidmətlərin, o cümlədən investisiyaların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.