Xəbərlər
Azərbaycan ilə Paraqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezlə görüşüb.
XİN-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycana səfərindən və VI Qlobal Bakı Forumunda iştirakından, eyni zamanda, keçirilmiş ikitərəfli görüşlərdən məmnunluğunu ifadə edən F.L.Mendez Prezident İlham Əliyev ilə görüşündə məhsuldar fikir mübadiləsinin aparıldığını bildirib.
Qonaq Forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin ölkələrimiz arasındakı münasibətlərin perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.
Nazir Elmar Məmmədyarov 2015-ci il sentyabrın 10-da və 2017-ci il oktyabrın 25-də Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırımı ilə əlaqədar bəyanatların qəbul edilməsinə görə Paraqvay Respublikasının Milli Konqresinə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.