Xəbərlər
VI Qlobal Bakı Forumunda Orta Şərqdə təhlükəsizlik və sülh məsələləri müzakirə edilib
VI Qlobal Bakı Forumu çərçivəsində “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib.
Panel iclasının moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyərək əsrin sülh modelinin düşünülməli, boşluqların doldurulmalı olduğunu vurğulayıb. O qeyd edib ki, bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən hadisələrə diqqət yetirilməlidir, insanların təhlükəsiz yaşamalarına şərait yaradılmalıdır. Böyük güclər iradə nümayiş etdirməlidirlər. Sülh bərqərar olmalıdır.
Livanın sabiq Baş naziri Fuad Siniora bildirib ki, dünyada ədalətin bərpa olunması sülhə, inklüzivliyə gətirib çıxara bilər. Dünya çağırışlara cavab verməlidir. Məsələn, Fələstin problemi bu günə qədər həll olunmayan əsas problemlərdəndir. Bu problem həllini tapmasa regionda digər problemlərə də yol aça bilər. Suriyada qeyri-sabitlik hökm sürür, yüz minlərlə insan kömək gözləyir. Bu məsələ tezliklə həll olunmalıdır.
Rusiyanın Baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis dünyada baş verən proseslərə diqqəti cəlb edib. O, insan hüquqlarının qorunmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib. Bildirib ki, bu məsələyə BMT və digər beynəlxalq təşkilatlar biganə qalmamalı və dövlətlər də dəstəyini əsirgəməməlidir.
İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu Qlobal Bakı Forumunun problemlərin həlli istiqamətində atılacaq addımlara böyük töhfə verəcəyini söyləyib. O deyib ki, Bakı Forumu dünyada mövcud olan boşluqların aradan qaldırılması istiqamətində səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır.
Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız ölkəsinin dünyada baş verən proseslərin həllində yaxından iştirak etdiyini bildirib. O deyib ki, Türkiyə terror təşkilatlarına qarşı sərt mövqeyini qoruyur və terrorizmlə mübarizədə lazımi addımları atır. Suriya məsələsində dünya dövlətlərini ədalətli olmağa çağıran Əhməd Yıldız bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra dünyada mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər hansısa formada ölkəmizə də təsir edib. Nazir qeyd edib ki, Azərbaycanın bir hissəsi işğal olunub, bir milyondan çox qaçqın, köçkün problemi yaranıb. Xalqımız etnik təmizləməyə məruz qalıb. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr indiyədək yerinə yetirilməyib. İyirmi beş ildir ki, vəziyyət olduğu kimi qalıb. Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır.
Elmar Məmmədyarov deyib ki, əgər biz gələcək inkişafı proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun da fəaliyyət göstərməliyik. Dünya problemləri, onların nəticələrini əvvəlcədən görməli, bu problemlərin yaranmasının və yayılmasının qarşısını almalıdır.
Panel iclası işini müzakirələrlə davam etdirib.