Xəbərlər
Kamilə Əliyeva: Azərbaycanda gender bərabərliyi tam təmin olunub
«Azərbaycanda gender bərabərliyi tam təmin olunub». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir.
«Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin vaxtlarda ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Ulu öndərin fəaliyyəti nəticəsində gender problemlərinin həllinə böyük təkan verildi. Hazırda bu siyasət uğurla davam etdirilir. Bu gün qadınlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib»-deyə, deputat qeyd edib.