Xəbərlər
VII “Caspian Energy Forum Baku–2018”ə qeydiyyat başlayıb
Azərbaycan Respublikası Hökuməti, “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un dəstəyi ilə sentyabrın 19-20-də keçiriləcək VII Beynəlxalq “Caspian Energy Forum Baku–2018”ə qeydiyyat başlayıb.
Bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
T.Əliyevin sözlərinə görə, “Caspian Energy Forum” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun fəallaşmasından ötrü əlverişli şərait yaratmaq, neft və qeyri-neft sektoru sahələrinə aid şirkətlər arasında sıx əməkdaşlıq qurmaq, transmilli şirkətlər ilə kiçik və orta biznes nümayəndələrinin, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklərin görüşlərini təşkil etmək üçün ənənəvi meydan rolunu oynayır.
“Caspian Energy Forum Baku–2018”də sıralarında Azərbaycan hökumətinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək nümayəndə iştirak edəcək. Bundan əlavə, tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk, işgüzar nahar zamanı əlavə imkanlar nəzərdə tutulub”, - deyə T.Əliyev əlavə edib.
“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” yaradılıb. İki il ərzində onlar “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “Caspian American Club” və “Caspian Asia Club”un, “Caspian American Club” və “Caspian Asia Club”da yer alanlar isə “Caspian European Club”un üzvü hesab edilirlər.
Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Azərbaycan Prezidentidir.
“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.