Xəbərlər
Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının ilk iclası keçirilib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər tarixən dini və mədəni köklərlə bağlı olan Azərbaycan ilə Mərakeş arasında siyasi dialoqun və dostluğun inkişafından razılıqlarını ifadə ediblər. Təməli ümummilli lider Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi xüsusilə vurğulanıb.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən Mərakeşin xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğu qeyd edilib. Nazirlər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslı təkan verəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının vacibliyini vurğulayıb və enerji, kənd-təsərrüfatı, turizm, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Habelə, iki ölkə arasında mütəmadi olaraq xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin və diplomatik akademiyalar arasında tələbə-müəllim mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.
Azərbaycan ilə Mərakeş arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə edən tərəflər hər iki ölkədə keçiriləcək mədəniyyət günlərinin xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı turizm axınına töhfə verəcəyinə əminliklərini vurğulayıblar.
Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Nazir Elmar Məmmədyarov ölkəmizin “Expo-2025”-ə ev sahibliyi etmək üçün müraciət etdiyini deyib. O, həmçinin həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər toplantısı haqqında məlumat verib. Eyni zamanda, Azərbaycan və Mərakeşin beynəlxalq səviyyədə dinlərarası və mədəniyyətlərarası dialoq prosesinə və qarşılıqlı anlaşmaya yaxından töhfə verdiyi vurğulanıb.
Görüşdə nazir Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Həmçinin nazir E.Məmmədyarov Mərakeş Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yaradılmış İƏT Kontakt Qrupuna daxil olmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli mövqeyini dəstəkləməsinə görə minnətdarlığını bildirib.
Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində nazirlər “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Dəmir Yolları” QSC ilə Mərakeş Milli Dəmiryolları arasında Niyyət Protokolu” və ”Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Dənizçilik Araşdırmaları üzrə Mərakeş Ali İnstitutu arasında Niyyət Protokolu” adlı sazişləri imzalayıblar.
Daha sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.