Xəbərlər
Tahir Rzayev: Azərbaycanda inkişaf tendensiyası davam edir
«Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, ölkəmizin hər bir bölgəsində sənaye, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri istifadəyə verilib. Onun sözlərinə görə, son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir.
«Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır»-deyə, deputat qeyd edib.