YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Mingəçevir "ASAN Həyat" kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.

Kompleksin "ASAN xidmət" mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.

Dövlətimizin başçısı mərkəzi işə saldı.

Bildirildi ki, bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq.

Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış oldular.

Dövlətimizin başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olundu.

Elektron xidmətlərin qiymətləndirilməsi üzrə nəticələrin təqdimatı zamanı bildirildi ki, dövlət orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən 2013-cü ildən başlayaraq, hər il elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə çərçivəsində elektron xidmətlərin təqdim edilməsi üçün uyğunluğu müəyyən edilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər verilir.

"İnnoLand" layihəsi isə ölkədə innovasiya ekosisteminin bütün iştirakçılarının cəlb edilməsi yolu ilə innovasiya fəaliyyətinin stimullaşdırılması və uğurlu startapların yaradılmasını, beynəlxalq rəqabətə davamlı innovativ məhsul və xidmətlərin istehsalını təşviq edəcək. Layihə çərçivəsində pilot olaraq yaradılacaq məkanda startapçılara ilkin ideyadan hazır innovativ məhsul və xidmət istehsalına qədər bütün mərhələlərdə dəstək göstərilməsi, innovasiya şirkətlərinin sayının və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində işlər həyata keçiriləcək.

Diqqətə çatdırıldı ki, yeni layihələrdən biri də "Mobile Gov" applikasiyasıdır. Mobil applikasiya ölkədə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsiində müəyyən edilmiş "eGov 2.0 versiyasında Mobil Hökumət"in yaradılması tapşırığına uyğun olaraq hazırlanıb. Applikasiya müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası vasitəsilə istifadəçilərə smartfonlarından istifadə etməklə dövlət xidmətlərindən yararlanmaq imkanı verəcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "ASAN xidmət"lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verildi.

Qeyd edildi ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış bu terminallar vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yerə getmədən yararlana biləcək. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sistemə daxil edir, elektron ərizə formasını doldurur və xidmət üzrə müraciət edir.

Daha bir yenilik isə "ASAN Ödəniş" sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün "ASAN Ödəniş" terminallarından istifadə ediləcək. Terminallara inteqrasiya edilmiş "ASAN viza" sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də "ASAN Ödəniş" terminalından əldə edə biləcəklər.

Yeni layihələrdən biri də "ASAN Turist" mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlana və özləri üçün səfərləri planlaşdıra bilərlər.

Diqqətə çatdırılıdı ki, "Elektron hökumət" kabineti vətəndaşların xüsusi proqram təminatı və qurğular vasitəsilə dövlət xidmətlərindən yararlanmaları üçün modulyar kabinetdir. Kabinetə daxil olmaqla vətəndaş dövlət orqanının nümayəndəsinin iştirakı olmadan müxtəlif xidmətlərə müraciət edə və xidmətlərdən yararlana bilər.

Mingəçevir "ASAN Həyat" konsepsiyası Mingəçevir "ASAN xidmət" mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. "ASAN Həyat" kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Kompleksin kinoklubunda Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin ekran əsərləri də nümayiş etdiriləcək.

Könüllülər "ASAN xidmət" fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub. "ASAN Məktub" və "ASAN Kadr" layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" portalına daxil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "ASAN Həyat" kompleksinə daxil olan "ASAN Peşə" ilə tanış oldular.

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasınln Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə" mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" mərkəzində 4 istiqamət üzrə - elektrik, mexanik, santexnik, tikişçi peşələri üzrə ən müasir maddi-texniki baza vardır və burada mütəxəssislərin iştirakı nəzərdə tutulub.

"ASAN Həyat" kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı da yaradılıb. Buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.