YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq

«Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı kifayət qədər məhsuldar keçdi. Azərbaycan bu nəhəng layihənin təşəbbüskarı kimi yenə də dünyanın diqqət mərkəzindədir». Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrə qarşı yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan, Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır.

«Ona görə də, haqlı olaraq Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsi adlandırılır. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xidmət edən yeni layihə kifayət qədər geniş bir coğrafiyada enerji xəritəsini dəyişərək tərəfdaş ölkələrə böyük fayda gətirəcək. Bilirsiniz ki, dünyada yaşanan geosiyasi gərginliklər fonunda bir sıra hallarda enerji marşrutları istehsalçı və istehlakçı ölkələrə yönəlmiş təzyiq vasitəsi qismində istifadə edilir. Azərbaycan bəzi dövlətlərin enerji siyasətində bu cür qeyri-konstruktiv mövqe tutmalarının qəti əleyhinədir. Azərbaycan ona çalışır ki, bütün iştirakçı tərəflər əməkdaşlıqdan faydalana bilsinlər.Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Perspektivdə yeni yataqların işlənməsi sayəsində hasil ediləcək qaz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropadakı istehlakçılara çatdırılacaq»-deyə, M.Abbaszadə vurğulayıb.