Xəbərlər
Nizami Cəfərov: Azərbaycan dilinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir
«Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir. Həm müxtəlif sahələrdə, həm ümumi danışıq dili səviyyəsində, həm də elmi, bədii, rəsmi dil səviyyəsində Azərbaycan dili son illər xüsusilə inkişaf edib». Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Azərbaycan dili sözün həqiqi mənasında müstəqil bir dövlətin dili olub. Onun sözlərinə görə, Azərbaycan dilinin ən çox inkişaf etdiyi sahə publisistikadır, mətbuatın və kütləvi informasiya vasitələrinin dilidir. Bu baxımdan müstəqilliyimiz elan olunduqdan sonra Azərbaycan dilinin çox demokratik inkişaf imkanı yarandı.
«Azərbaycan dili ilə bağlı ölkəmizdə çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyuldu. Həmçinin, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı da böyük əhəmiyyət kəsb edir. Bütün bu sənədlər ana dilimizin inkişafına mühüm töhfələr verir»-deyə, akademik vurğulayıb.