YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Alfons Muxa: gözəllik axtarışında” sərgisinin açılışında iştirak edib

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu vurğulayaraq dedi: “Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm”. Con Muxa qeyd etdi ki, 2018-ci il Çexiya, istərsə də Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.

“Siz sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını duyacaq və müşahidə edəcəksiniz”, - deyən Con Muxa dünya şöhrətli rəssamın əsərləri sırasında Sibirdə bir qadının əks olunduğunu, həmin qadının məhz şal ilə təsvir olunduğunu qeyd etdi.

Rəssamın nəvəsi diqqətə çatdırdı ki, kəşməkəşli vaxtlarda, böhranların hökm sürdüyü zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.

Sərginin kuratoru Tomako Sato Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Alfons Muxanın sənətinə bu cür qayğı ilə yanaşmasını, bu layihənin gerçəkləşdirilməsində göstərdiyi dəstəyi vurğulayaraq ona dərin təşəkkürünü bildirdi. O dedi: “Bu sərgidə rəssama məhz dünya şöhrəti gətirən əsərləri nümayiş etdirilir. O, əsərlərində adi təbii hüdudları aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb, ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O, əsərlərini Çexiya torpağında yaratsa da, ismarıcını bütün dünyaya ünvanlayırdı”.

Sərgilənən əsərlərdə rəssam ilə Azərbaycan arasında bağlantı olduğunu diqqətə çatdıran kurator dedi: “Ötən ilin oktyabr ayında sizin gözəl şəhərinizdə oldum. Muxanın həndəsi elementlərini, onun çəkdiyi xətləri Azərbaycanın ən mühüm memarlıq nümunələrində gördüm. Rəssamın yaratdığı əsərlərdə Azərbaycanın birləşdirici rolunu, xüsusən ölkənizin Şərq ilə Qərbin qovuşuğunda yerləşməsindən irəli gələn birləşdirici rolunu özündə ehtiva edən motivlər və nümunələr var. Bu sərgi həm də yeni dialoq formasıdır ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək”.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.

Sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.

“Art Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.

Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı “Jismonda” tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın “Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.

1906–1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.

Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət “Slavyan dastanı” əsərini yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, “Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən “Jismonda” afişası da var.

Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur “Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.