Xəbərlər
Səfir Kestutis Yankauskas: “ASAN” və “ABAD” Azərbaycanın brendlərinə çevrilib
“ABAD” və “ASAN” Azərbaycanın brendlərinə çevrilib və ölkənin yeni simasını təmsil edir.
Bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün “ASAN”a dəstək” layihəsinin bağlanış mərasimində söyləyib.
Səfir bildirib ki, Avropa İttifaqı bu layihəyə dəstək verdiyi üçün çox məmnundur. Belə layihələr Azərbaycanın çox yaxşı brendidir. Layihələr davam edəcək və insanların xidmətlərə daha asan çatmasına yol açacaq. Bu gün bu layihə başa çatır, lakin ABAD-a dəstəyimiz UNDP çərçivəsində davam edəcək.
Hazırda Azərbaycanın və Avropa İttifaqının yeni saziş üzərində işlədiyini qeyd edən diplomat vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yeni mərhələyə daxil olub. Sazişlər və layihələrlə tərəflər arasında münasibətlər üst səviyyəyə qaldırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, ölkəmizdə sosial, iqtisadi, inzibati sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir. Beş il əvvəl bu islahatların tərkib hissəsi kimi “ASAN xidmət” yaradılıb. “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma gətirdi, xidmətlər üst səviyyəyə qalxdı. İndiyədək 20 milyon Azərbaycan vətəndaşına xidmət göstərilib. Məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir. “ASAN” artıq dünyada Azərbaycan brendi kimi tanınır”.
Dövlət Agentliyinin sədri bildirib ki, “ABAD” layihəsi “ASAN xidmət”in tərəfdaşlığı ilə icra edilir. Bu, vətəndaşlarımızın həyatının asanlaşdırılmasına, abadlaşdırılmasına aparan addımdır. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq və regionlarda fəaliyyət göstərən ailə bizneslərinin inkişafına təkan verməkdir. Bir il ərzində 203 ailə “ABAD”a qoşulub. “ABAD” dayanıqlı inkişaf modelidir. Bu, bütün dünya üçün faydalı model olacaq.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, Bakıda və regionlarda olmaqla, “ABAD”ın 6 satış mərkəzi fəaliyyət göstərir. Avropa İttifaqının “ABAD”a dəstək layihəsi 2016-cı ilin oktyabrından başlayıb. Artıq 200-dən çox “ABAD”çı var. Bu göstərici gündən-günə artır. Satış mərkəzlərinin sayının artırılması istiqamətində də iş gedir. Hazırda Bakıda 3, regionlarda 2 mərkəz fəaliyyət göstərir. 2018-ci ildə isə Bakıda, Şəkidə, İmişlidə yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Bu il, həmçinin Şəkidə və Nardaranda Keramika və Tətbiqi sənət mərkəzləri fəaliyyətə başlayacaq.