YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi Xocalı soyqırımı ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilir ki, Uca Allah insan həyatını müqəddəs dəyər olaraq səciyyələndirir və Yer üzündə bir günahsız insanın ölümünü bütün bəşərin öldürülməsi qədər ağır günah olaraq qəbul edir. Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədiblər. Ermənistan silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin cəsədlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib. Mahiyyəti etibarilə Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

Müraciətdə qeyd edilir ki, iyirmi altı il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə, humanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, terrorizm, ekstremizm, separatçılıq üçün zəmin yaranır.

Bildirilir ki, Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsi, erməni ekstremistlərinin soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salmalarına görə məsuliyyətə cəlb edilməmələri nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, cəsədlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Əvəzində, heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, soyqırımı törədənlərin özlərini “soyqırımı qurbanları” kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa bir şey deyil.

Vurğulanır ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır.

“Biz, Azərbaycan dindarları ölkəmizin ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olunması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daim uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə, həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”, - deyə müraciətdə qeyd edilir.