Xəbərlər
Fərhad Abdullayev: Azərbaycanda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün böyük işlər görülüb
Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün indiyə qədər Mərkəzi Seçki Komissiyası tərəfindən böyük işlər görülüb. Hər bir dövlətdə seçkilər onun imicinə çox ciddi təsir göstərir. Bu baxımdan dövlətimiz və ictimaiyyətimiz hər zaman seçkilərə çox böyük önəm verir.
Bu fikirləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin Mərkəzi Seçki Komissiyasında qəbul olunan qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin olunmasına yönəldilib. Qeyd edib ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə seçki prosesinin izlənməsi və digər mütərəqqi addımlar təqdirəlayiqdir.
“Bu gün dünyada seçicilərin öz hüquqlarından istifadə etmələri ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcəklər”, - deyə Fərhad Abdullayev vurğulayıb.