Xəbərlər
Daimi nümayəndəlik: İkili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur
Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir.
Bu fikir ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab bəyanatında yer alıb.
Bəyanatda bildirilib ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmək istəyini yüksək qiymətləndirir. “Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin fəal və konstruktiv iştirakına ümid edə bilər”, - deyə bəyanatda qeyd edilib.
Nümayəndə heyəti, həmçinin bəyanatda bildirib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir. Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək mümkündür. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur.
Bəyanatda vurğulanıb ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrı-seçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir. Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır.