YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Son 14 ildən artıq müddətdə dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixinə iqtisadi islahatlar ili kimi daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İki sahil” qəzetinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşün məqsədi MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media tərəfindən ictimailəşdirilməsini təmin etmək, əməkdaşlıq məsələlərini müzakirə etmək idi.

Tədbirdə MEK-in direktoru Leyla İmanova kitabxananın fəaliyyəti, strateji hədəfləri, 2017-ci ilin nəticələri barədə geniş məlumat verib. Qeyd edib ki, bu müddət ərzində kitabxana bir sıra önəmli layihələr reallaşdırıb, çoxsaylı təşəbbüslər həyata keçirib. Kitabxanada fondların zənginləşdirmək işinə daim diqqət verildiyini və bu məqsədlə atılan addımları diqqətə çatdıran L.İmanova rəhbərlik etdiyi qurumun 2017-ci ildə əldə etdiyi mühüm nəticələr, 5 illik strateji hədəflərdən danışıb.

MEK-in digər çoxşaxəli fəaliyyətindən də söz açan direktor bildirdi ki, bütün bunlar kitabxananın media ilə aktiv əməkdaşlığı sayəsində mətbuatda və MEK-ə məxsus internet resurslarında, www.mek.az  saytında işıqlandırılaraq ictimaiyyətin diqqətinə çatdırılır. Elm sahəsində baş verən yeniliklərin, inkişaf proseslərinin media vasitəsilə ictimaiyyətə çatdırılması, təbliğ edilməsi, informasiyanın toplanılması, sistemləşdirilməsi və etibarlı şəkildə qorunub saxlanılması barədə 2017-ci ildə AMEA rəhbərliyi və Mətbuat Şurası arasında əldə olunan razılaşmanın əhəmiyyətini qeyd edən L.İmanova Azərbaycanın aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi prosesinin başlanıldığını vurğulayıb. MEK-in direktoru ölkənin mətbuat aləmində xüsusi çəkisi ilə seçilən “İki sahil” qəzetinin də prosesə qoşulmaq istəyini yüksək qiymətləndirib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi mətbu orqanın zəngin və şərəfli tarixindən, keçdiyi inkişaf mərhələlərindən söz açıb. Müstəqil Azərbaycanla həmyaşıd, müasir ölkə mətbuatının yaranması və formalaşmasında öz yeri və rolu olan “İki sahil” qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində çapdan çıxıb. “İki sahil” nəşrə başladığı ilk dövrlərdə ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. İctimai-siyasi durumun gərginliyi bütün sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. İqtisadi inkişafdan danışmaq mümkün deyildi. Bütün bu çətinliklərə baxmayaraq, “İki sahil” mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də bu missiyasını uğurla davam etdirir. “İki sahil” qəzeti yarandığı gündən söz və mətbuat azadlığının verdiyi imkanlardan doğru, düzgün və dəqiq şəkildə istifadə edib, jurnalistikanın müqəddəs ənənələrinə sadiq qalıb, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, “İki sahil” tarixi bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın ulu öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in Ümummilli Liderə müraciəti dərc edilib. Heydər Əliyev ideyalarının təbliğində qabaqcıl sıralarda dayanan “İki sahil” üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib.

Baş redaktor məlumat verib ki, bu gün “İki sahil” qəzetinin həm yazılı, həm elektron və həm də yenicə fəaliyyətə başlamış internet televiziyası fəaliyyət göstərir: “Bu gün Heydər Əliyev ideyaları yaşayır, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Təbii ki, qəzetimiz yarandığı ilk illərdə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır, dövlət başçımız İlham Əliyevin yürütdüyü uğurlu siyasi kursun ən böyük dəstəkçilərindən və təbliğatçılarından biridir. Son 14 ildən artıq müddətdə dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixinə iqtisadi islahatlar ili kimi daxil olub. İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir. Əsas olan mövcud reallıqlarımızı qəzetimiz ölkə və dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırır”.

Qəzetdə dərc edilən materialları həm ölkənin daxilində, həm də xaricində baş verən hadisələri dəqiq və ardıcıl əks etdirmək baxımından etibarlı mənbə adlandıran V.Rəhimzadə MEK-də mənbələrin qorunub saxlanılması istiqamətində görülən işləri təqdir edərək “İki sahil” qəzetinin 2017-ci ildə dərc edilmiş nüsxələrini MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına salınması üçün kitabxanaya təqdim edib.

Görüşün yekununda Mərkəzi Elmi Kitabxana ilə “İki sahil” qəzeti arasında müəllif hüquqlarının müdafiəsinə dair müqavilə imzalanıb və tərəflər arasında əməkdaşlığın daha da sıxlaşdırılmasının, çoxçeşidli müstəvilərdə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

MEK-in əməkdaşlarından Mübarız Aşırlı, Allahverən Allahyarov, Aygün Səfərova və başqaları çıxış edərək görüşün əhəmiyyətini vurğulayıblar.

Daha sonra qonaqlar MEK-in əsas kitab saxlanclarının, nadir kitab fondunun, yer elmləri bölməsində Geoloqlar Cəmiyyətinin kolleksiyasının, Akademiklərin zalında Diplomatik fondun işi ilə yerində tanış olublar.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın ölkənin aparıcı media qurumları ilə əməkdaşlığı davam edir. Hazırda MEK-də mətbuat orqanlarının nüsxələrinin PDF formatında kitabxananın elektron yaddaşına köçürülməsi və saxlanılması prosesi həyata keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv